Gəncə Şəhər Deputatları Sovetinin Qətnaməsi
Bu yazını 2021-ci il yanvarın 5-də vəfat etmiş gözəl insan, Gəncə Şəhər İcraiyyə Komitəsinin sabiq sədri Nizami müəllim Xəlilovun əziz xatirəsinə həsr edirəm.
İştirakçısı olduğum hadisələrin içərisində elələri var ki, uzun müddət onlar barədə danışmaq ya yazmaq istəməmişəm, çünki fikirləşmişəm ki, mən onları açıqlasam, bu, xalqımıza xələl gətirə bilər, qaş düzəltdiyim yerdə vurub göz çıxardaram.
Belə hadisələrdən biri 1990-cı il 20 yanvar faciəsi ilə əlaqədardır. Yanvarın 20-də Bakı yenidən işğal olundu. Bununla əlaqədar biz yanvarın 22-də “Vətən” qəzetinin Azərbaycan dilində növbəti nömrəsini çıxardıq. Yanvarın 24-də isə rus dilində nəşr edilən “Вестник Гянджи” qəzetinin növbəti nömrəsi çıxmalı idi. Mən o vaxt müstəqil qeyri-rəsmi “Vətən” qəzetində redaktor, rəsmi “Вестник Гянджи” qəzetində isə ictimai-siyasi şöbədə müxbir işləyirdim. Maaşı yalnız rəsmi nəşr olunan “Вестник Гянджи” qəzetindən alırdım. “Vətən” qəzetinin gəliri əsasən nəşriyyat xərclərinə sərf edilirdi.
“Вестник Гянджи” qəzetinin 24 yanvar nömrəsində çıxası bir çox yazılar elə “Vətən” qəzetində iki gün əvvəl dərc olunmuş yazı və məqalələrin tərcüməsi, bir də redaksiyaya Azərbaycan dilində daxil olmuş Bakıda telestudiyanın necə partladılmasının detalları barədə, Gəncə ictimaiyyətinin müraciətləri olan materiallardan ibarət idi. Yanvarın 23-də mən “Vətən” qəzetinin nüsxəsini və digər yazıları əlimə götürüb yazıları elə birbaşa beynimdə rus dilinə tərcümə edərək “Вестник Гянджи” qəzetinin makinaçısı, adı kimi möhkəm iradəli Mətanət xanıma diktə edirdim. Dayanmadan işlədik, 2-3 saata bütün materiallar tərcümə və redaktə edildi, sonra da mətbəəyə göndərildi.
Onu da qeyd edim ki, mətbəə ilə qəzetin redaksiyası bir-birinə çox yaxın yerləşirdilər. Redaksiya hökümət binasının arxa tərəfindəki girişindən daxil olmaqla üçüncü mərtəbədə, mətbəə isə indi Gəncə küçəsi adlanan kiçik küçənin əvvəlində, Şah Abbas məscidindən cəmi 150 metr aralıda idi. Piyada cəmi 5 dəqiqəlik yol idi. Ona görə materiallar hazır olduqca məsul katib və redaktor tərəfindən imzalanıb kuryer vasitəsilə mətbəəyə yığılmağa göndərilirdi.
Elə bu zaman qəzetin redaktor müavini Nüşabə xanım mənı otağına çağırdı və bir vərəqdə çap edilmiş Gəncə Şəhər Soveti Deputatlarının Qətnaməsini verib dedi ki, onu da tez rus dilinə tərcümə edim ki, sabah çıxan qəzetə verməyə çatdıraq. Çox sevindim ki, Gəncə Şəhər Soveti Deputatlarının üç gün qabaq ölkəmizdə baş vermiş faciəyə aid qətnaməsini elə sabah çıxacaq nömrədə çap edə biləcəyik. Onu da qeyd edim ki, bu faciədən sonra Bakıda fövqəladə vəziyyət elan edilmişdi. Partladılmış telestudiya hələ bərpa edilməmiş, bütün mətbəələr bağlanmışdı. Heç bir qəzet dərc edilmirdi. Ölkədəki məlumat boşluğunu Gəncədə nəşr edilən “Vətən” və “Вестник Гянджи” qəzetləri doldururdu. Buna görə Qətnamənin tez dərc edilməsi çox vacib idi.
Bir sözlə, Qətnaməni əlimə götürüb otağıma keçdim. Amma sənədi oxuyan kimi məyus oldum. Qətnamə qətiyyən reallığı əks etdirmirdi. Təsirsiz ifadələr, bürokratik dil, ürkək bəyanat – bir sozlə, tökülmüş qanın, verdiyimiz qurbanların ruhuna cavab verməyən bir qətnamə.
Qətnaməni götürüb qayıtdım Nüşabə xanımın yanına. Dedim “Nüşabə xanım, siz bu Qətnamənin məzmunu və ruhu ilə razısınız?” Dedi ki, “yox, bu, məni qətiyyən qane etmir. Mən də baxdım, amma nə etməli, belə qəbul olunub”. Dedim, “Nüşabə xanım axı bu bizə yaraşmaz. Bu qətnaməni qəbul edənlər faciənin sabahı günü, yanvarın 21-də meydandakı mitinqdə başqa cür danışırdılar, səmimi idilər, bəs nə oldu, cəmi 2 gün keçib, şəhidlərin qanı hələ qurumamış artıq başqa cür danışırlar?!” Nüşabə xanım mənim bu sözlərimdən çox təsirləndi. Nüşabə xanım bütün əsl yazıçılar kimi çox həssas bir insandır. Üzündə bir çaşqınlıq vardı.
Dedi, bəs nə etmək olar, onların qəbul etdikləri budur. Dedim, Nüşabə xanım, qətnamə Azərbaycan dilindədir. Biz də rus dilində çıxan qəzetik. İcazə verin, mən onu necə lazımdırsa, elə tərcümə edim. Cəsarətli və vətənpərvər Nüşabə xanım götür-qoy etmədən dərhal ”elə” dedi. Və etdim.
Qətnamənin nəşr olunmuş mətni belə alındı.
Bir-iki gün ərzində bu qəzet nəinki bütün respublikaya, bütün SSRİ-yə yayıldı. Bir çox yerlərdən bizə təşəkkürlər gəldi, Qətnaməni qəbul edənlər çox qürürlu idilər, nədənsə heç kim mətndə dəyişiklik edildiyini görməmişdi. Bu, bir tərəfdən, qəribə olsa da, məni çox sevindirdi. Deməli, qətnamə elə insanların ürəyində olanı əks etdirirdi, yerinə düşmüşdü. Bizi də qoruyurdu, heç kim bizi “bəd əməldə” ittihamlandırası deyildi. Hamı xalqımız üçün belə ağır bir gündə gəncəlilərin belə vacib sözləri deməsini alqışlayırdı, faciə baş vermiş olsa da, bu Qətnamədə öz əksini tapmış milli ruhun yüksəkliyi ilə təbrik edirdilər.
Qəzetimizin redaktoru Rauf müəllim Rəcəblinin telefonuna dayanmadan təşəkkür zəngləri gəlirdi. O çox qürurlu və şad idi. Təbii ki, bütün redaksiya heyəti də sevinirdi. Biz sevinirdik ki, xalqımızın bu çətin günlərində azacıq da olsa, onun ağrılarnı azaltmışıq.
Üstündən cəmi 2-3 gün keçdi. Yanvar ayının axırı idi. Səhər işə gələndə Nüşabə xanım məni yanına çağırdı, çox kefsiz idi. Mənə dedi ki, partiyanın yerli komitəsindən, şəhər rəhbərliyindən tələb edirlər ki, biz təkzib yazaq, qətnamənin düzgün tərcüməsini çap edək, oxuculardan üzr istəyək və yazaq ki, əvvəlki nömrədə çap edilmiş tərcümə səhv olub.
SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Andrey Girenko şəhərdə idi, qəzeti oxuyub Qətnaməyə fikir vermişdi, Qətnamənin orijinalını Girenkoya göstəriblər, o da səs-küy salıb ki, necə olub ki, Kommunist Partiyasının və Şəhər Sovetinin rəsmi qəzetində partiya və dövlət orqanlarına qarşı belə təxribat edilib!? Artıq Moskvadan da maraqlanıblar. Tələb edir ki, təkzib verilsin, Qətnamə düzgün tərcümə və dərc edilsin.
Çox çətin, çıxılmaz bir vəziyyət idi. Qəzetin redaktoru Rauf müəllim də kefsiz idi. Onun da başını çox ağrıtmışdılar. Nüşabə xanım dedi ki, deyəsən çıxılmaz vəziyyətdəyik, onların tələbini yerinə yetirməliyik. Soruşdum ki, sizə onların tələbini çatdıran kim olub. Dedi, Şəhər İcraiyyə Komitəsinin sədri Nizami Xəlilov. Heç bilmirəm necə oldu, özümdən asılı olmayaraq, dedim “Nüşabə xanım, icazə verin mən Nizami müəllimin yanına gedim, onunla danışım”. Tam səmimi deyim ki, Nizami müəllimlə nə barədə danışacağımı, ona nə deyəcəyimi heç özüm də bilmirdim. Qətiyyən. Bu hadisədən əvvəl Nizami müəllimlə heç görüşüm-söhbətim də olmamışdı. Bir neçə dəfə şəhərin digər rəhbərləri ilə görüşlərdə olmuşdum, amma Nizami müəllim Xəlilovla ondan əvvəl heç bir söhbətim olmamışdı. Amma nədənsə həmişə mənə çox xoş təsir bağışlayırdı.
Nüşabə xanım razılaşdı. Kim ki, Gəncədə olub, Gəncənin əzəmətli hökümət binasını yaxşı tanıyır. O vaxt bu binanın bir qanadında Kommunist Partiyasının Gəncə Şəhər Katibliyi (indi, İcra Hakimiyyəti), digər tərəfində isə İcraiyyə Komitəsi, inzibati qurumlar, və s. yerləşirdi. Gəncədə Azərbaycan, rus və erməni dilində dərc olunan 3 qəzetin redaksiyaları da Kommunist partiyası yerləşən qanadın arxa hissəsində, 3-cü mərtəbədə idi. Onun arxa tərəfdən ayrıca girişi var idı. Mərkəzi qəzetlərin – “Kommunist”, “Bakinski Raboçiy” və “Vışka” qəzetlərinin bölgə müxbirlərinin də burada ayrıca otaqları var idi. Nə isə, aşağı enib binanın obiri tərəfindəki girişə tərəf getdim. Qalxdım yuxarı, Nizami müəllimin otağına yaxınlaşıb, katibəsinə dedim ki, Nizami müəllimlə görüşə gəlmişəm. Soruşdu, “Özü çağırıb?” Cavab verdim ki, “Nüşabə xanımla danışıb, Nüşabə xanım da məni göndərib”. Dedi, “gözləyin”, keçdi içəri, və çıxandan sonra məni otağa dəvət elədi.
Nə bu hadisədən əvvəl, nə də ondan sonra bu otaqda olmamışam. Nizami müəllimin otağı çox uzun bir otaq idi. Onun iş masası girişin tam əksində idi. Girişlə onun iş masası arasında isə uzun bir iclas masası var idi. Və mən də girişdən onun yanına gedənə kimi hələ də nə deyəcəyimi düşünürdüm. Nə deyəcəyimi qətiyyən bilmirdim. Onun masasına yaxınlaşdım, əli ilə işarə edib “otur” ya “oturun” dedi, yaxşı yadımda deyil. Acıqlı, amma nəzakətli idi. Bu yadımdadır. Kobudluq yox idi. Adətən gülərüz və xeyirxah insan kimi tanınan Nizami müəllimin qanı qara idi. Mən hələ nə deyəcəyimi bilmirdim, amma hiss edirdim ki, gərək əvvəl imkan verim o, istədiyinin hamısını desin. Necə deyərlər, ürəyini boşaltsın. Elə də oldu, Nizami müəllim qəzetin Kommunist Partiyasının, İcraiyyə Komitəsinin orqanı olduğunu dedi, sonra jurnalist məsuliyyətindən danışdı, jurnalist üçün dəqiqliyin vacib olduğunu dedi. Hələ gözləyirdim.
Bir neçə dəqiqə danışdı və sonra mənim ürəyimdən keçən bir cümlə işlətdi. Dedi, “Hamı kimi, mən də qəzetdə yazılanlarla razıyam, amma nə etməli, Şəhər Soveti elə qətnamə qəbul edib, siz də onu olduğu kimi verməlisiniz”. Bu çox yaxşı bir əlamət idi. Deməli, Nizami müəllimin ürəyi bizimlə idi. Bu az deyildi. Dedim, Nizami müəllim, mən də sizi kimi düşünürəm, bu xalqımızın böyük faciəsidir. Qəzet də çıxandan sonra redaksiyamıza saysız-hesabsız zənglər gəlir, Bakıdan, Moskvadan zəng vurublar, “Azadlıq Radiosu” bizim qəzetə istinad edib. İnsanlar belə ağır gündə, bütün ölkədə mətbuat susdurulanda, bizi ekstermizm, islam fundamentalizmində ittiham edəndə, bütün xalq Gəncənin Azərbaycanın haqq səsini deməsini çox yüksək tutur. Dedi, elədir, bilirəm. Onun bu sözləri də məni sevindirdi. Gördüm ki, qarşımda hansısa bürokrat, partiya funksioneri, Vəzirov kimi əfəl yox, xalqa ürəyi yanan və elə mənim kimi düşünən bir insanla danışıram. Mən bu hissləri keçirdiyim anda o davam etdi ki, “Amma nə etməli, təkzib verilməlidir”.
Soruşdum, “Nizami müəllim, kimlərdir təkzib tələb edən?” Dedi, “Girenko Moskvadan gəlib, Bakıdan da sıxırlar”. Dedim, Nizami müəllim, axı biz Gəncəlilərə bu yaraşmaz. İnsanları bu ağır günlərdə bir az sevindirmişik, yaraya bir az məlhəm qoymuşuq, insanlara ruh, gələcəyə ümid vermişik. Dedi, “Heç nə edə bilmərik, çıxılmaz vəziyyətdəyik”. Birdən – yenə heç özüm də bilmədim bu fikir necə başıma gəldi, – dedim, “Nizami müəllim, bəlkə belə edək: siz onlara deyirsiz ki, təkzib veriləcək, onlar da sizdən əl çəkirlər, amma biz təkzib verməyək, üzr istəməyək, və yeni tərcüməni də dərc etməyək”.
Bu ona çox qəribə gəldi. Hətta bir an donub qaldı. Nəhayət, “Necə yəni, bəyəm belə şey olar? Qəzet gərək hadisələri olduğu kimi işıqlandırsın, yalan danışmasın!”. Dedim, “Nizami müəllim, adi şəraitdə haqlısınız, amma axı onlar bizimlə dost kimi yox, düşmən kimi davranıblar, SSRİ Konstitusiyasını pozaraq bizim razılığımız olmadan Bakıya qoşun yeridiblər, bizim onların qarşısında heç bir mənəvi öhdəliyimiz yoxdur. Elə bil müharibədəyik, hər bir vasitəyə əl atmağa mənəvi haqqımız var”. Heç bilmirdim bu sözlər, bu məntiq haradan gəlirdi.
Nizami müəllim fikrə getdi, mən isə həyəcanla gözləyirdim. Və sonra gülümsünüb dedi, “Maraqlı danışırsan, amma bəlkə də haqlısan. Yaxşı, gəl elə də edək. Mən onlara deyəcəyəm ki, təkzib veriləcək. Görək sonrası necə olur. Amma bu barədə harada gəldi danışmayın”.
Sevincək redaksiyaya qayıtdım. Nüşabə xanımla Rauf müəllimə razılığımızı çatdırdım və qərara gəldik ki, bu söhbəti yaymayaq.
Hadisələr çox sürətlə inkişaf edirdi, ölkədə vəziyyət gərgin idi. Nəticə də elə biz düşündüyümüz kimi oldu. Əhəmiyyətli olanı bu idi ki, Gəncə 20 yanvar faciəsinə vaxtında düzgün və tarixə düşən mənəvi-siyasi qiymət verdi, insanlara bu ağır günlərdə dayaq oldu, ümid verdi. Və istər SSRİ-nin, istər xarici kütləvi informasiya vasitələri Gəncədən gələn bu hayqırtını gücləndirdilər, yaydılar. Və beləliklə, vaxtilə Gəncədə Kommunist Partiyası şəhər komitəsinin 1-ci katibi işləmiş Həsən Həsənovun Azərbaycanın SSRİ dövrünə aid dediyi “Bakı Azərbaycanın paytaxtıdır, Gəncə isə azərbaycanlıların” sözləri özünü növbəti dəfə doğrultdu.
Audrey Altstadt-ın məşhur “Azərbaycan Türkləri” kitabından sitat (s. 119):
“Ulu Gəncə, 1920-ci ildə olduğu kimi, Rusiya təcavüzünə güclü müqavimət göstərməklə milli ruhun yüksəkliyini nümayiş etdirdi. Gəncənin rəsmi “Vestnik Giandzhi” qəzeti Gəncə Şəhər Sovetinin “SSRİ Konstitusiyasının 119-cu bəndinin 14-cü paraqrafının kobud pozulması” barədə qəbul etdiyi Qətnaməni yanvarın 24-də dərc etdi. Respublika Ali Sovetinin qətnaməsini və Naxçıvanın ayrılmaq barədə qərarını dəstəkləyərək, qəzet bu faciə ilə 1920-ci ilin aprelində Azərbaycanın Qızıl ordu tərəfindən işğal olunması arasında aşkar parallel çəkmişdir. Gəncə Şəhər Soveti milli silahlı qüvvələrin və yerli özünümüdafiə təşkilatlarının yaradılmasına və Sovet hərbi qüvvələrinin Gəncədən çıxarılmasına çağırdı. Həmçinin Azərbaycan Xalq Cəbhəsinin Gəncədə nəşr olunan “Vətən” qəzeti Naxçıvanın (SSRİ-dən) ayrılmaq barədə çıxardığı qərarını dəstəkləyərək Azərbaycan Ali Sovetini eyni qərar çıxarmağa çağırırdı. “Vətən” qəzeti “20 yanvar hadisələri Kremlin iç üzünü açdı” yazırdı. “Millətçilik, ekstremizm və İslam fundamentalizmi bəhanəsi altında onlar Azərbaycanın demokratik və milli-azadlıq hərəkatına zərbə vurdular”. Qəzetdə verilmiş karikaturada Stalin əli ilə Qorbaçovun başını sığallayaraq, “Əhsən, Mişa! Sən bacarıqlı tələbəsən” deyirdi.”
Həm bu hadisədən dərhal sonra, həm üstündən, əvvəl bir müddət, sonra isə hətta 30 il keçəndən sonra bir sual mənə rahatlıq vermir. Mən qəzetdə qətnamənin həqiqi mətnini yox, “düzəlişli” mətnini verməklə tarixi təhrif etməmişəm ki? Mənim addımım düzgün idimi? Mənim bu addımım real mənzərəni olduğundan daha yaxşı göstərməklə insanlarda yalançı ümidlər yaratmamışdı ki? Hər halda, Gəncə Şəhər Sovetinin yüzdən çox üzvü var idi. Axı onlar elə qətnamə qəbul etməmişdilər! Hansı qətnamə reallığı daha düzgün əks etdirirdi? Hansına əsasən istər kənar, istər daxili müşahidəçilər, istər elə lap hadisələrin iştirakçıları xalqın nə istədiyi və nə qədər istədiyi barədə düzgün nəticə çıxarıb düzgün siyasət qura bilərdilər? Bəlkə xalq hələ heç azadlığa can atmırmış? Bəlkə tökülmüş qan yuyulan kimi yenidən üzüyola kölə vəziyyətinə qayıtmaq istəyirmiş?
Çətin sualdır, həqiqətən. Yəni, kim xalqı və onun istəyini daha düzgün təmsil edirdi: qəzetdə işləyən bir neçə əməkdaş, yoxsa yüzdən çox üzvü olan Şəhər Soveti? Qoy oxucu mən gətirdiyim faktlara əsasən özü nəticə çıxarsın. Bunu siz oxucuların ixtiyarına verirəm. Amma əgər caizdirsə, mən də öz fikrimi bildirim.
Qəzet çıxandan sonra qətnaməni qəbul edənlərin özləri belə “əl gəzdirilmiş” qətnaməyə görə təbrikləri qəbul edirdilər, insanların böyük əksəriyyəti, demək olar ki, hamısı məhz bu “əl gəzdirilmiş” qətnaməyə sevinirdilər, onu düzgün sayırdılar. Deməli, səhv məndə, Nüşabə xanımda, ya qəzetin redaktoru Rauf müəllimdə deyildi. Səhv bu real qətnaməni qəbul etmiş insanların öz yerində olmadıqlarının, və ya hələ köləlik sindromundan çıxmadıqlarının nəticəsi idi.
Məlumdur ki, kölə ya məhbusların bir hissəsi öz kölə və ya məhbus vəziyyətinə elə alışır ki, zindanın qapıları ya qandallar açılanda belə azadlığa can atmır. Bir müddət lazım gəlir ki, azadlığın ab-havası onları tutsun, azadlığın dadını-təamını hiss etsinlər. İnsanlar bu xalqı təmsil etməyən “deputatları” onların qəbul etmədikləri qətnamə ilə təbrik edəndə, və bu “deputatlar” da təbrikləri məmnuniyyətlə qəbul edəndə, məhz onda bu insanlar azadlığın dadını hiss edirdilər, anlayırdılar ki, onların da sözü-səsi bu dünyada nəyəsə yarayarmış. Anlayırdılar ki, onlar həşərat ya vintcik deyil, hadisələrə təsir göstərə biləcək qüvvədirlər.
Zənnimcə, əsl azadlıq bu hissdən başlayır. Deməli, mənim hərəkətlərimi tənzimləyən, beynimə düzgün fikirləri, dilimə isə düzgün sözləri gətirən və onları lazım olan tərzdə ifadə etməyi öyrədən qüvvə hər bir insana Yaradan, Tanrı, Allah tərəfindən verilmiş seçim azadlığıdır.
Fərdlər, qruplar, xalqlar rəhbərləri ilə birlikdə öz seçimlərini edirlər, onların sonrakı taleyi isə bu etdikləri seçimlərdən asılı olur, bu seçimlər onları ya uğurlu gələcəyə, ya şərəfsiz tənəzzülə aparır.
P.S. Bu xatirə və düşüncələrimi hələ Vətən Müharibəsindən əvvəl yazmışdım. 44 günlük müharibədəki şanlı qələbəmiz göstərdi ki, Azərbaycan xalqı və onun rəhbərliyi düzgün seçimlər edir, və bu, bizə gələcəyə ümidlə baxmağa əsas verir. Allah bizə yar olsun.
Çingiz