“Yeddinci günün düşüncələri” seriyasından.

1-ci məqalə. 6 dekabr 2020-ci il

Bu xamır o xamırdan deyil

10 noyabr Bəyanatının hərbi və siyasi nəticələri

44 günlük müharibə bitdi. Bakıda dekabrın 10-da keçiriləcək Qələbə paradına hazırlıq, Yerevanda isə müxalifət tərəfindən xain adlandırılan Paşinyanın istefaya göndərilməsi prosesi gedir.

Azərbaycan bu 44 günlük müharıbənin zəfəri ilə yaşayır. Amma eyni zamanda cəmiyyətdə bir narahatlıq  da var. Şuşanın alınmasından doğan geniş və dərin sevinc hissinə üçtərəfli 10 noyabr Bəyanatına əsasən Rusiya qoşunlarının sülhməramlı adı altında Dağlıq Qarabağda yerləşdirilməsindən irəli gələn narahatlıq əlavə edilib.

Ürəklərimizdə iki hiss bir-birinə qarışıb. Cəmiyyət daxilində isə iki cinah düşüncəsi yer almaqdadır. Bir cinahın tərəfdarları Rusiya qoşunlarının Dağlıq Qarabağda sülhməramlılar qismində yerləşdirilməsini Xalq Cəbhəsinin 1992-1993-cü illərdə Azərbaycandan çıxardığı Rusiya qoşunlarının yenidən Azərbaycana qayıdışı kimi qiymətləndirir və “Daha onları 1992-1993-də çıxartmağa dəyərdimi?!”, “Bu qədər əziyyət çəkdik, 7+ rayonlarımız tamamilə dağıldı, minlərlə şəhid verdik ki, Rusiya qoşunları yenidən Azərbaycana qayıtsınlar!?” “Elçibəy Rusiya qoşunlarını Azərbaycandan çıxartdı, amma indiki hakimiyyət onları yenidən Azərbaycana gətirdi” deyirlər.

Digər cinahın tərəfdarları isə, əksinə, Rusiya qoşunlarının 1992-1993-cü illərdə Azərbaycandan çıxardılmasını səhv addım sayır, məhz bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağı itirdiyini deyirlər.

Bu fikir ayrılığı ilk baxışdan zərərsiz, sırf nəzəri bir məsələ kimi görünsə də, özündə böyük təhlükə daşımaqdadır. İş burasındadır ki, bizi hələ uzun illər gərgin iş gözləyir. İndiki və üzümüzə gələn həssas dövr ərzində ikitirəlik arzuolunan deyil, birliyə, “dəmir yumruğa” hələ uzun müddət ehtiyac olacaqdır. Düşüncələrimizdə yaranan belə şübhə və ziddiyyətlər isə həmin yumruğu zəiflədə bilər.

1992-1993-cü illərdə Rusiya qoşunlarının Azərbaycandan çıxardılması

Sovet ordusu Bakida, 1990 [mənbə: Azadlıq Radiosu]

Buna görə hökmən 1992-1993-cü illərdə Rusiya qoşunlarının Azərbaycandan çıxardılmasını indi 44-günlük müharibədən sonra Rusiya qoşunlarının Azərbaycana qaytarılması ilə müqayisə etməyə çox ciddi ehtiyac vardır.

Başlayaq müstəqilliyimizin ilk dövründən. Yada salaq ki, 1992-1993-cü illərdə Azərbaycan çox zəif bir durumda idi, iməkləməkdən yeriməyə can atan üşaq kimi ilk müstəqil addımların atırdı, dövlət institutları yox dərəcəsində idi, ordu quruculuğu təzə-təzə başlayırdı, neft müqavilələri hələ imzalanmamışdı, ölkədə işsizlik və yoxsulluq hökm sürürdü. Bu azmış kimi, Bakıda, Gəncədə, Yevlaxda, Lənkəranda, Qəbələdə, ölkənin bir çox bölgələrində Rusiyanın sovet ittifaqından miras qalmış çoxsaylı hərbi qüvvələri və bazaları qalmaqda idi.

Kim bilir, bəlkə də Azərbaycan rəhbərliyi 1992-1993-cü illərdə Rusiya qoşunlarını Azərbaycandan çıxartmasaydı, ola bilərdi ki, Azərbaycan Dağlıq Qarabağ üzərində nominal hakimiyyətini saxlayardı. Bu mümkün ehtimaldır. Amma Rusiya qoşunları Azərbaycanda küll halında və ölkənin müxtəlif börgələrində ola-ola, müstəqil daxili və xarici siyasət aparmağa, sonradan baş tutmuş ordu quruculuğunu həyata keçirməyə, neft müqavilələrini biz istədiyimiz şərtlərlə imzalamağa imkan verməyəcəkdilər.  

Bunu da yada salaq ki, 1994-cü ildə Əsrin Müqavilələri imzalananda akademik Ziya Bünyadov və Milli Məclis Sədrinin müavini, Naxçıvan Ali Sovetinin sədri Afiyəddin Cəlilov qətlə yetirildilər. İndi təsəvvür eləyin ki, həmin dövrdə Bakıda Rusiya qoşunları qalmış olaydılar. Onların nə və nə şəkildə edəcəyini təsəvvür eləmək üçün 1990-cı ilin yanvarını göz önünə gətirmək kifayətdir. Bir sözlə, Azərbaycan nə hakimiyyətini müstəqil şəkildə qura biləcəkdi, nə neft müzavilələrindən düz-əməlli qazanc əldə edə biləcəkdi, nə Türkiyənin hərbi məktəblərinə tələbələr göndərib milli hərbi kadrlar yetişdirməklə və ən qabaqcıl silah əldə etməklə güclü ordu qura biləcəkdi, nə də müstəqi dövləti necə idarə etməyi öyrənə biləcəkdi.

Üstəlik, Rusiya qoşunları Azərbaycandan çıxardılmasaydı, heç bir qarantiya da yox idi ki, Rusiya Azərbaycana Dağlıq Qarabağ üzərində suverenliyini tam qoruyub saxlamaq imkanı verəcəkdi. Çox güman ki, nə isə qarışıq, əslində suverenliyimizin mühüm hissəsini əlimizdən almış “hibrid” bir model tətbiq ediləcəkdi. 

Ona görə qəbul etməliyik ki, 1992-1993-cü illərdə Rusiya qoşunlarının Azərbaycandan çıxardılması bir çox digər səhvlər etmiş Xalq Cəbhəsi/Elçibəy hakimiyyətinin, uzaqgörən və Azərbaycanın gələcək inkişafına imkan verən ən böyük və uğurlu addımlarından biri olmuşdu. Məhz bunun hesabına Azərbaycanda müstəqil dövlət quruculuğu mümkün oldu, xaricdən asılılığı olmayan milli hakimiyyət formalaşdı, müstəqil və vətənpərvər nəsil yetişdi, iqtisadiyyat ayağa qalxdı, müdafiə sənayesi quruldu,  ordumuzun Rusiyada yox, Türkiyədə təhsil almış zabit korpusu və xüsusi təyinatlıları yaradıldı, və nəticədə, biz 44-günlük müharibədə Ermənistan üzərində şanlı zəfər çaldıq.

Bir sözlə, razılaşaq ki, 1992-1993-cü illərdə Rusiya qoşunlarının Azərbaycandan çıxardılması çox düzgün və uzaqgörən addım idi.

10 Noyabr Bəyanatı ilə Rusiya sülhməramlılarının Azərbaycanda yerləşdirilməsi

Rusiya sülhməramlılarının yerləşmə xəritəsi [mənbə: Rusiya Müdafiə Nazirliyi]

İndi keçək 10 noyabr Bəyanatı əsasında Rusiya qoşunlarının Azərbaycanda sülhməramlı adı ilə yerləşdirilməsinə. Əlbəttə, yəgin Azərbaycanda tək-tük adam tapılar ki, bunu alqışlasın. Qətiyyən! Bu, istər-istəməz, Azərbaycanın öz ərazisi olan Dağlıq Qarabağ üzərində suverenliyinin bir hissəsinin itirilməsi deməkdir. Amma Azərbaycanın bununla razılaşmamaq imkanı var idimı? Bu suala “hə” cavabı verənlərin nə siyasətdən, nə də hərbdən anlayışı yoxdur.

Fikir verək, 10 noyabr Bəyanatı gecə ikən imzalandı. Heç səhəri də gözləmədilər. Niyə? Ona görə ki, Şuşa kimi çətin bir ərazini azad edən hərbçilərimiz cəmi bir neçə saat ərzində, səhərə artıq Xankəndini də azad etməyə qadir idilər. Onda Ermənistanla Azərbayan arasında Dağlıq Qarabağ münaqişəsi bitmiş olar, və Rusiyanın Qafqazda mövqeləri xeyli zəifləmiş olardı. Rusiya, ümumiyyətlə dünyada və Qafqazda hələ kifayət qədər güclüdür, buna görə onun maraqları ilə hesablaşmaq gərəkdir. Həmin axşam Naxçıvan yaxınlığında Rusiya helikopterinin vurulması, Bakı ətrafındakı boş əraziyə ballistik raketin qeyri-müəyyən nöqtədən atılması, Rusiyanın müzakirə masası arxasındakı mövqeyini xeyli gücləndirirdi və onun niyyətinin nədən ibarət olduğunu aydın göstərdi.

Rəhbərlik də çox düzgün olaraq, qələbənin limitlərini real qiymətləndirib Ermənistanın xeyrinə olacaq iki yanlışlığa yol vermədi – nə özü Rusiya ilə hərbi qarşıdurmaya getdi, nə də qardaşı-müttəfiqi Türkiyəni bu mənasız davaya təhrik etdi. Çox düzgün və hesablanmış addım idi.  

Ölkə rəhbəri bu 44-günlük müharibə dövründə nə dərəcədə güçlü siyasi bacarıq və iradəyə malik olduğunu  göstərdi. Tam əminliklə demək olar ki, əgər Rusiya qoşunlarının burada yerləşdirilməməsinə imkan olsaydı, ölkə rəhbərliyi bunu mütləq edərdi. İndiki hakimiyyətin Qəbələdəki radio-lokasiya stansiyasını bağlamaqla Azərbaycan ərazisində son Rusiya hərbi bazasının ləğv etdiyini də unutmayaq.

10 noyabr Bəyanatı Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə arasında həmin tarixdə mövcud olan hərbi-siyasi  balansı əks etdirir. Rusiya vasitəçi qismində danışıqları apararaq, bu 4 iştirakçıdan hər birinin maraqlarını təmin edən məqbul variant hazırladı. Həm də bu Bəyanat 10 noyabr 2020-ci il tarixinə mövcud olan geosiyası və regional reallıqları da əks etdirir.

Bəs bu reallıqları əks etdirən 10 noyabr Bəyanatının hansı nəticələri oldu?

Birinci, Rusiya hələlik Qafqazda mövqelərini saxladı. (Bu mövqelərin 44 günlük müharibə nəticəsində gücləndiyi, yoxsa, əksinə, zəiflədiyi ayrıca məqalənin mövzusudur; növbəti “Yeddinci günün düşüncə”si məhz buna həsr olunacaqdır).

İkinci, Azərbaycan ərazisinin mühüm hissəsi olan və  otuz il bundan əvvəl itirilən 7+ rayon üzərində suverenliyini bərpa etdi. Bu sözlərin mahiyyətinə bir az dərindən nəzər salaq.

27 sentyabr 2020-ci ilə kimi Azərbaycanın Dağlıq Qarabaq və 7+ rayon uzərində de-jure suverenliyi olsa da, de-facto suverenliyi yox idi. Ermənistan və onun havadarları bizdən 7+ rayonu de-facto qaytarmağın müqabilində Dağlıq Qarabağın müstəqilliyinin de-jure tanınmasını tələb edirdi. 44-günlük müharibə nəticəsində biz 7+ rayon üzərində (Laçın dəhlizini çıxmaq şərti ilə) de-facto suverenliyimizi də bərpa etmişik. İndi bu, 27 sentyabradək işğal altında olan rayonlardan bizə qarşı təhdid kimi istifadə edə bilməzlər. Dağlıq Qarabağın özü üzərində (halbuki, Şuşa və Hadrut da daxil olmaqla bu ərazinin də bir hissəsi artıq tam suverenliyimizə keçib) de-facto suverenliyimiz hələlik tam bərpa edilməsə də, düşmənlərimizin artıq 7+ rayondan “təhdid aləti” kimi istifadə etmək imkanları da yoxdur, biz bu “aləti”  məhv elədik, Azərbaycan Prezidenti demişkən, “cəhənnəmə göndərdik”.

Üçüncü, torpaqlarımızın azad olunması qədər vacib olan daha bir proses getdi, – xalqımızın özünə, öz ordusuna və rəhbərliyinə inamı bərpa edildi. Başımızı qaldırmışıq, indi bizim hər bir xalq üçün olduqca gərəkli olan milli qürurumuz vardır.

Dördüncü, qardaş Türkiyə də bölgəyə qədəm qoydu. 18-ci əsrin sonu – 19-cu əsrin əvvəlində bu bölgədən ayağı üzülmüş Türkiyə regional qüvvə kimi qayıtdı. Azərbaycannın Naxçıvan ilə və oradan da Türkiyə ilə birbaşa yerüstü rabitəsi yaranır. Əslində, bütün Orta Asiyanın, elə Rusiyanın özünün də və nəhayət  Çin kimi get-gedə güclənən superdövlətin də maraqlarına cavab verən tarixi “İpək Yolu” bərpa edilir.  

Beşinci, uduzan Ermənistan oldu. Təkcə zəbt etdiyi torpaqları itirmədi. Ondan da vacib nəticə budur ki, illərlə yetişdirib əzizlədikləri miflər iflasa uğradı, ermənilər reallıqları görüb dəhşətə gəldilər. Necə deyərlər, araba kölgəsində yatdıqları halda, elə bilirlərmiş öz kölgələridir. Bir daha məlum oldu ki, 1992-1994-cü illərdə ilk müstəqil addımlarını atan Azərbaycana qalib gələn Ermənistan deyil, Rusiyanın 366-ı alayı olubmuş. Ermənilərin yaxşı siyasətçi, diasporalarının hər şeyə qadir, erməni ordusunun və onun generalların məğlubedilməz olmaları mifi də puç oldu.

Pasiyent nə edəcək?

İndi ermənilər həqiqəti görüb reallıqları qəbul etmək zorundadırlar. Əlbəttə, bizim üçün xeyirlidir ki, onlar bu reallıqları qəbul etsinlər, müharibə bitsin, qan tökülməsin, bölgədə əmin-amanlıq, tərəfdaşlıq olmasa da, heç olmasa əməkdaşlıq bərpa olunsun.

Ermənistanda hadisələrin hansı məcrada inkişaf edəcəyini indidən demək çətindir. Ağır cərrahiyyə əməliyyatını həyata keçirmişik. Üzümüzə gələn həftələr və aylar xəstənin sağalacağını, yoxsa onun halının daha da kəskinləşəcəyini göstərəcək. Əlbəttə, bu dövrdə “cərrah” ehtiyatı əldən verməməlidir, ayıq qalmalıdır, çünki hələ bilinmir, huşu qayıdan xəstə “cərraha”  təşəkkürünümü bildirəcək, yoxsa “sən niyə mənim bəd-xassəli şişimi kəsdin” deyə bağırıb cərrahın üstünəmi cumacaqdır.

Ona görə ayıq-sayıq qalıb ehtiyatı əldən verməməliyik.


Rusiya qoşunlarının indi Azərbaycanda yerləşdirilməsi ilə onların 1992-1993-cü illərdə Azərbaycanda qalması arasında da böyük fərq vardır – həm de-jure, həm də de-facto.

Başlayaq de-jure-dən. Rusiya qoşunları Azərbaycana, Ermənistandan fərqli olaraq, hərbi baza statusunda yox, sülhməramlı statusunda gəliblər.  Bu statuslar arasındakı müddət fərqi olduqca  vacibdir. Hərbi bazalar uzunmüddətli sazişlərlə tənzimlənir, çünki başqa dövlətin ərazisində öz hərbi bazasını yaradan dövlət böyük vəsait sərf edir, tikinti aparır, hərbi qurğular yaradır, və s. Və heç vaxt razılaşmır ki, belə böyük vəsaiti kiçik müddətli müqavilə əsasında yatırsın.  

Vaxt tez gedir, biz ətraf rayonları dirçəldənə kimi, 3-4 il keçəcək. Bu 3-4 ildən sonra Rusiya öz qoşunlarını Dağlıq Qarabağda saxlamaq istəsə, bizimlə daha mülayim davranmalı olacaq, çünki Azərbaycanın həmişə yarım il ərzində Rusiya qoşunlarının ərazidən çıxarılmasını tələb etmək imkanı olacaq. Rusiya bu qüvvələrin müddətini uzatmaq istəyəndə, Azərbaycan müəyyən şərtlər irəli sürmək imkanı da əldə edəcək.

Əlbəttə, Rusiyanın müəyyən təxribatlarla öz qoşunlarını burada saxlamaq üçün səbəblər yaratmaq cəhdləri olacaqdır. Bu, aydındır. Belə olduqda, gərək həmişə bəs “de-facto” vəziyyətin nədən ibarət olmasına fikir verəsən. Sözsüz ki, hərbi cəhətdən Rusiya “de-facto” çox güclüdür, Azərbaycan onunla rəqabət apara bilməz. Amma unutmayaq ki, Türkiyə də, Azərbaycan da günü-gündən güclənir. Türkiyə və onun silahlı qüvvələri də regionda güclü faktora çevrilmişdir. 2016-cı ildə mümkün olmayan, 2020-ci ildə mümkün oldu. Vaxt bizim xeyrimizə işləyir. Bunu təkcə biz görmürük. Ermənistanın birinci Prezidenti Ter-Petrosyanın 1998-i ildə dediyi “Biz indi rədd etdiyimizi sonra yalvararaq istəyəcəyik, amma onu bizə artıq təklif etməyəcəklər” sözləri nəinki qüvvəsini itirməyib, hətta günü-gündən öz doğruluğunu təsdiq edir.

Sonra, unutmayaq ki, Rusiya bir neçə “cəbhədə” vuruşur. Dnestryanı, Osetiya-Abxaziya, Ukrayna, Orta Asiya, Suriya, Liviya, və s. Üstə gələk Qərbin Rusiyaya qarşı mövqeyi. Azərbaycan nə qədər Rusiya ilə hərbi cəhətdən müqayisəolunmaz olsa da, Rusiya üçün də Azərbaycanla müttəfiq münasibətdə olmaq xeyirlidir. Elə Türkiyə ilə də. Bu qədər “cəbhədə” əlləşən ölkə üçün hansısa “cəbhədən” arxayın olmaq vacibdir, ona görə Rusiya ilə çox incə siyasət aparmaq  vacibdir. Hakimiyyət bu 44-günlük müharibə zamanı bunu da məharətlə edə bildiyini göstərdi.

Ona görə ardıcıl siyasətlə Dağlıq Qarabağ üzərində suverenliyimizi get-gedə gücləndirmək imkanımız var. Bircə bu prosesdə nə tələskənlik, nə də arxayınlıq olmamalıdır. Müharibəyə hazırlıq, və 44-günlük müharibə dövründə atılmış hərbi, siyasi, diplomatik addımlar göstərdi ki, Azərbaycan hakimiyyətinin aydın, ardıcıl planı və bu planı həyata keçirmək üçün səriştəsi və siyasi iradəsi vardır. Bütün bunların hamısı bizə gələcəyə ümidlə baxmağa imkan verir.

Yekunlaşdıraraq, deyə bilərik ki, 7+ rayonun qaytarılması müqabilində Rusiya qoşunlarının Azərbaycanda sülhməramlı kimi yerləşdirilməsinə razılıq vermək də çox düzgün və uzaqgörən addımdır.

Amma siyasətdə, bu gün atılan bir addımın düzgün ya səhv olduğunu çox vaxt təkcə həmin addımın özü yox, bundan sonra atılacaq addımlar göstərir. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ məsələsinin onun üçün nə dərəcədə həssas və əziz olduğunu tam nümayiş etdirdi. Bunu şübhə altına alanlar ən azından naşıdırlar. Hakimiyyətin bu sahədə atdığı addımları müzakirə etmək olar – bu normal və faydalı bir haldır – müzakirələr hansısa daha yaxşı variantları üzə çıxarda bilər. Amma hakimiyyətin niyyətinin vətənpərvər, bacarığının professional, güzəştlərinin reallığı əks etdirməsini şübhə altına almaq qətiyyən yolverilməzdir, və yalnız bəd niyyətlərdən xəbər verə bilər.


Azərbaycanda həm hakimiyyət, həm müxalifət ölkədə həmrəyliyin qorunmasına görə məsuliyyət daşıyır. Siyası ritorikaya fikir vermədən atılmış addımlara diqqətlə və dərindən baxsaq görərik ki, xoşbəxtlikdən 1992-ci ildən bu yana mövcud olmuş hakimiyyətlər arasında siyasi varislik elə də zəif olmamışdır. Unutmayaq ki, Xalq Cəbhəsinin/Elçibəyin Rusiya qoşunlarını Azərbaycandan çıxartmaq qərarı düzgün olduğu kimi, digər çox düzgün, yerinə düşən və çox uzaqgörən addımı məhz ən çətin, ölkə üçün ölüm-dirim anında Heydər Əliyevi hakimiyyətə dəvət etmək olub. Heydər Əliyevin qarşısında o dövrdə daxili hərc-mərclik, hərbi müxalifət, xarici siyasi qüvvələr olsa da, hər halda, Azərbaycanda Rusiya qoşunlarının yoxluğu onun qarşısında duran tale-yüklü məsələləri həll etmək işini asanlaşdıran mühüm bir faktor olmuşdur.

Öz növbəsində, Heydər Əliyev də AXC Hakimiyyətinin uğurlu nailiyyətlərini qoruyub daha da inkişaf etdirdi. Əlifba dəyişikliyindən tutmuş ali məktəblərə tələbə qəbulunu test üsulu ilə həyata keçirilməsinə qədər. Amma burada biz artıq növbəti “Yeddinci günün düşüncələri”-nə keçirik ki, bunu da növbəti dəfələrə saxlayaq.

Çingiz


2 Replies to “Bu xamır o xamırdan deyil (10 noyabr Bəyanatının təhlili)”

  1. Çox mürəkkəb və ondan belədə böyük məsuliyyət tələb edən məsələlərin bu cür səlist ,mən deyirdim, xalqın geniş kütləsi arasında anlaşılan bir formada təqdim olunmasi “Vətən qoxusu” illətdi…
    Habelə müstəqil Azərbaycan mediasının,real,qərəzsiz mövqeyinə yenidən qayıtmasının (,27- ildən sonra ) şahidi oluruq indi…digər sevindirici hal ondan ibarətdir ki ,bu hadisə məhz bu günlərdə təsadüf edir.Beləki, müasir, və böyük əksəriyyəti satın alınmış media qurumların yalnız feyk- nyus tirajladığı ,vəya bəsit “sensasiya ovuna” çıxdığı bir dövrde , ” Vətən” kimi siyasi əqidəsi zirək,müstəqil və heç bir vəclə “satın alınması” mümkün olmayan bir mətbuat orqanının, içtimai – siyasi həyatımıza yenidən qayıdışını təqdirdə layiq ,və çox yerində( zamanın tələbinə uyğun)hesab edirəm.
    Buna görə çox sağ olun Çingiz bəy ❗

Leave a Reply to Kənan F. Cancel reply

Your email address will not be published. Required fields are marked *