Hörmətli oxucular, möcüzələr deyəsən doğrudan da mümkündür. Möcüzə deyilmi, nə az nə çox – düz 27 ildən sonra yenidən sizinlə görüşürük. Qəzetimizin ilk nömrəsinin qədəmləri üğurlu olmuşdu – həmin gün, 1989-cu il dekabrın 30-da Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin Qərarı ilə Gəncənin ulu adı özünə qaytarılmışdı. İndi də, uzun fasilədən sonra bizim sizinlə baş tutan görüşümüz, xalqımızın uzun müddətdir daşıdığı “məğlub millət” yükünü atıb “Qalib Millət”ə çevrildiyi dövrə təsadüf edir.
Dörd il ərzində, 1989-cu il dekabrın 30-dan 1993-cü il dekabrin 30-dək sizinlə olduq, Qazaxda Ermənistanla sərhəddə yandırılan Bağanıs-Ayrım kəndindən tutmuş hələ də azad edilməmiş Xankəndinə kimi gedib çıxdıq, əli yalın düşmən üstünə gedən igidlərimizi də gördük, sadə xalqın bu hünərini heçə endirən siyasətçiləri də, itkilərimizə acıdıq, uğurlarımıza sevindik.
Sonra yeni dövr başladı. Yenidən oxumağa, biliklərimizi artırmağa, xarici dilləri öyrənməyə, çərxi-fələyin necə fırlandığını müşahidə etməyə can atdıq. Bir çox romantik-idealist düşüncələrimizi, inanclarımızı çıxdaş etdik, ölkəmizi də, dünyanı da gəzdik dolaşdıq, Azərbaycanın dünyadaki yerini görməyə çalışdıq.
Və nəhayət yenidən sizinlə görüşə gəldik. Dünya necə də dəyişibdir bu illər ərzində, ilahi! SSRİ adında dövlət artıq çoxdandır ki, yoxdur, bir vaxt yoxsul, sərçələrə müharibə elan eləmiş Çin, indi ABŞ-ı dünyanın iqtisadi-siyasi səhnəsində müvəffəqiyyətlə sıxışdırır, cəmi bir il bundan əvvəl üzü örtməklə guya ki, cinayətkarlığı asanlaşdıran niqabı qadağan edən dövlətlər indi sifəti niqabdan heç də az örtməyən maska taxmağı tələb edirlər, və nəhayət – bizim üçün ən vacibi, – Azərbaycan 1992-1994-cü illərdə itirdiyi ərazilərinin mühüm hissəsinı azad edərək zəfər çalıb, işğalçı Ermənistanı məğlub edib!
Çox şey dəyişib, biz də dəyişmişik. Amma bir şey elə o vaxtkı kimidir. 1989-cu ildə olduğu kimi, sizinlə görüşə gəlməyimizin bircə səbəbi var – hiss etdik, gördük ki, bizim fikirlərimizə, baxışlarımıza və sözümüzə ehtiyac var. Eyni zamanda, elə o vaxt olduğu kimi, düşüncə müstəqilliyimizi təmin edən amillər var. Əgər 1989-1993-cü illərdə bunu qəzetin tam maddi dayanıqlığı təmin etmişdisə, indi bu düşüncə müstəqilliyini internet təmin edir, bizim sizinlə ünsiyyətimizi asanlaşdırır. Heç bir vəsait sərf etmədən, burada və bu an yazdıqlarımızı dünyanın hər bir guşəsində dərhal oxumaq olar. Bunun özü də bir möcüzə deyilmi?!
Zərurətdən yaranan ünsiyyət ən faydalı ünsiyyətdir. Əlbəttə, heç kim səhvlərdən sığortalanmayıb, bizim də səhvlərimiz olub və olacaq. Amma əmin ola bilərsiniz ki, heç vaxt səhvlərimizi etiraf etməkdən çəkinməyəcəyik. İddiasız da deyilik. Bizim birinci iddiamız Vətənə xidmət etməyimizdir. Nədən yazırıqsa yazaq, çalışacağıq ki, Azərbaycanın maraqlarını üstün tutaq. İkinci iddiamız tərəfsiz olmağımızdır, heç bir quruma, partiyaya xidmət etmirik, heç kimdən asılacağımız da yoxdur. Üçüncü iddiamiz hadisələrə düzgün saydığımız bucaqdan baxmaq imkanımızdır. Bunu, bir təfəfdən maddi müstəqilliyimiz, digər tərəfdən eyni hadisə barədə müxtəlif mənbələrdən məlumat əldə etmək imkanımız təmin edır.
Hələlik intensiv fəaliyyət göstərmək imkanımız yoxdur. Çalışacağıq ən azı həftədə bir dəfə dəyərli və aktual bir yazı ilə sizinlə görüşə gələk. İnternet səhifəmizin dəyərli güşələrindən biri də “Vətən” qəzetinin bütün nömrələri olan “Arxiv” güşəsidir. Qəzetin “Gəncə” güşəsində Gəncəyə aid yazılar, Gəncəlilərin yazıları yer tapacaqdır.
Bir sözlə, biz yenə bir yerdəyik, sizinlə birlikdəyik. Allah bizə yar olsun!
“Vətən” qəzetinin heyəti