Biz “Vətən” qəzetiyik – 30 il bundan qabaq təsis edilmiş və 4 il müddətində fəaliyyət göstərmiş “Vətən” qəzeti. Qəzetimizin ilk nömrəsi qeyri-formal olaraq Azərbaycan Xalq Cəbhəsinin müstəqil orqanı kimi 1989-cu il dekabrın 30-da Gəncədə çap edilmişdir. Gəncə Qarabağa yaxın olduğundan və erməni silahlı qüvvələri şəhərdən cəmi 25-30 km aralı təxribatlar törətdiyindən, şəhər o vaxt milli müqavimət hərəkatının mərkəzinə çevrilmişdi. Gəncənin ilk şəhidləri Qasımov Ruzigar, Məmmədov Abbasqulu, Əliyev Bəxtiyar, Vəliyev Neman, Nəsibov Bayram haqqında və sonrakı dövrdə həyatlarını Vətən uğrunda qurban vermiş bir çox şəhidlərimiz barədə ilk məlumatlar çox vaxt elə “Vətən” qəzetində dərc edilmişdir.
20 Yanvar qətliamından sonra, ölkədə bütün KİV-lər susdurulduğu bir həftə ərzində hadisələr barədə doğru məlumatı dünyaya çatdıran Gəncədə rus dilində nəşr edilən rəsmi “Вестник Гянджи” və qeyri-rəsmi Azərbaycan-dilli “Vətən” qəzeti oldu. Yaxın qonşularımız Gürcüstan, Rusiya, İrandan tutmuş Avropa, ABŞ, “Azadlıq” radiosuna kimi Azərbaycanda baş verənlər barədə obyektiv məlumatı Gəncədə nəşr edilən bu qəzetlərdən alırdılar. Bütün fəaliyyətimizdə ölkədə və dünyada baş verən ən vacib hadisələr barədə düşüncələrimizlə bölüşməyə, ictimai fikrə təsir etməyə çalışırdıq.
Məlumat və şərhlərimizin rusdilli oxucular üçün həm ölkənin daxilində, həm kənarında vacibliyini nəzərə alaraq kvartalda bir dəfə xüsusi rusdilli nömrələr buraxdıq. O dövrdə bu nömrələr Azərbaycan barədə məlumat verən ən etibarlı mənbələrdən biri sayılırdı. Qəzet 30 dekabr 1989-cu ildən – 1991-cu ilin avqustuna kimi qeyri-rəsmi nəşr edildi.
Sonra qeydiyyatdan keçə bilsək də, hakimiyyət, idarə etdiyi mətbələrə bizim qəzeti çap etməmək, “Qasid” mətbuat yayımı agentliyinə isə qəzetimizin satışını etməməyi tapşırmışdı. Buna baxmayaraq, qəzet könüllü tərəfdarlar və satışından kiçik gəlir götürən səyyar satıcılar vasitəsilə yayılırdı.
İndi o illəri yada salanda özümüz də bu qədər enerji tələb edən işlərin öhdəsindən necə gəldiyimizi anlaya bilmirik. Kompüter, internet, mobil telefon olmayan bir dövr idi. Mətbəəyə yaxın buraxılmadığımız üçün məqalələrimizi adi makinada çap edib böyük vatman vərəqinə yapışdıraraq fotoşəklini çəkirdik, sonra qəzetin plyonkası çıxarılırdı. Plyonkanın hazırlanması çox vaxt bir şəhərin , qəzetin çapı isə digər şəhərin mətbəəsində həyata keçirilirdi. Qəzet kağızı tapmaqda əziyyət çəkirdik. Amma öhdəsindən gəlirdik.
Qəzetimizin son nömrəsi 1993-cü il dekabrın 30-da, qəzetin 4-illiyində nəşr edildi. Qəzetin nəşrinin dayandırlmasının səbəbi mahiyyətcə yeni dövrün başlanması oldu. Oxucuların yazılı sözə marağı azaldığından qəzetin satışı çətinləşmiş, xərclər gəlirləri xeyli üstələmişdi. Sponsor axtarışına çıxsaq, düşüncə müstəqilliyimizi itirməli olacaqdıq.
Bundan savayı hiss etdik ki, bu yeni dövrün yeni imkanlarından istifadə edib öz bilik və bacarıqlarımızı artırmalıyıq. Elə də etdik. Və budur, 27 il keçməsinə baxmayaraq, yenidən sizinlə görüşə gəlmişik.
Bizə uğurlar arzulayın, bizi izləyin, bizə yazın.
“Vətən” qəzetinin heyəti.
Daha ətraflı məlumat üçün Bəkir Nərimanoğlunun “novator.az” saytında dərc olunmuş yazısı ilə burada tanış ola bilərsiniz.