Çingiz Məmmədov
Версия статьи на русском языке
Read English version of the article
Son aylar ABŞ-Azərbaycan və ümumiyyətlə, Azərbaycan-Qərb münasibətlərində nəzərəçarpacaq pisləşmə müşahidə olunur. ABŞ Dövlət katibi Blinkenin Prezident İlham Əliyevə zəngi və onun köməkçisi O’Brayen-in Bakıya sonrakı səfəri vəziyyəti bir qədər yaxşılaşdırsa da, Azərbaycanın bu yaxınlarda dini etiqad azadlığına görə ABŞ-ın “izləmə siyahısı”na daxil edilməsi və AŞPA ilə münasibətlərdəki böhran “Qərb”in Azərbaycana belə qərəzli münasibətinin təsadüfi, qısamüddətli və keçici bir şeymi olduğu sualını doğurdu. ABŞ və Avropa rəsmiləri yüksək tribunalardan, Qərb expertləri isə mediada, münasibətlərin pisləşməsini, əsasən iki amillə əsaslandırırlar: birinci, Azərbaycanın ölkə daxilində demokratik olmadığı ilə, ikinci, Azərbaycanın, ABŞ və “bütün demokratik ictimaiyyətin” narazılığına səbəb olmuş Dağlıq Qarabağ münaqişəsini hərbi gücdən istifadə etməklə həll etməsilə, yəni “xarici” siyasətində aqressiv olması ilə. Gəlin bu iki əsaslandırmanın hər birini təhlil edək.
Birləşmiş Ştatlar və “demokratik ictimaiyyət” demokratiyanı necə də ayrı-seçkiliklə sevirlər.
ABŞ-ın Azadlığa Dəstək Aktına 907 saylı Düzəlişi qəbul etdiyi və Azərbaycana qarşı sanksiyalar tətbiq etdiyi uzaq 1992-ci ili xatırlayaq. Bu Düzəliş, AXC və demokratik yolla seçilmiş prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə qəbul edilmişdir. Və hələ də qüvvədədir. Bunun 30 il əvvəl və erməni lobbisinin təsiri altında edilməsi bəhanəsi artıq heç kimi inandırmır. Vəziyyəti anlayıb düzgün qərar vermək üçün 30 il kifayət idi. Sonra, 1993-1994-cü illərdə NATO Türkiyə hökumətinə Kəlbəcərli qaçqınlarımızı xilas etmək üçün helikopter göndərməyə icazə vermədi, və insanlar mühasirədən qarlı dağlar aşaraq çıxmalı oldular, bir çoxu həlak oldu və ya ömürlük şikəst qaldı. Yaxud Misirin yaxın tarixinə nəzər salaq. ABŞ və bütün “demokratik ictimaiyyət” nədənsə demokratik yolla seçilmiş mərhum prezident Məhəmməd Mürsini heç cürə bəyənmədi, amma necə qəribə olsa da, qanlı çevriliş nəticəsində hakimiyyəti ələ keçirmiş diktator Əs-Sisini cani qəlbdən bəyənir.
Beləliklə, aydın olur ki, “Qərb” Azərbaycana qarşı soyuq münasibətini ölkəmizdə demokratiyanın olmaması ilə izah edəndə, səmimi deyil. Bu, sadəcə bir bəhanədir, gözdən pərdə asmaqdır, səbəb deyil.
“Qərbi” üzən nə oldu: Azərbaycanın öz suverenliyini bərpa etmək üçün istifadə etdiyi vasitəmi, yoxsa bərpa olunmuş suverenliyinin özümü?
İkinci arqument: Azərbaycanın Qarabağ problemini həll etmək üçün gücdən istifadə etməsi. Amma Azərbaycan 26 il ərzində, 1994-cü ildən 2020-ci ilə kimi güc tətbiq etməmişdir! Buna baxmayaraq, indi tamamilə aydındır ki, bütün bu illər ərzində ABŞ və “birləşmiş Qərb” Ermənistanın tərəfində, daha dəqiq desək, Azərbaycanın əleyhinə olublar. 44 günlük müharibə bitəndən sonra Azərbaycan prezidenti ilə görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərinin “kədərli” sifətlərini xatırlamaq kifayətdir. Qəribə deyilmi? Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib, Minsk Qrupu həmsədrləri isə qaşqabaqlı! Beləliklə, aydın olur ki, Qərbi narahat edən Azərbaycanın aqressivliyi, suverenliyini bərpa etmək üçün istifadə etdiyi vasitələr deyil, bərpa olunmuş suverenliyinin özüdür. Həqiqət budur!
Otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına “Qərbin”, yumşaq desək, göz yumması, “Dağlıq Qarabağ” ermənilərinə ABŞ tərəfindən rəsmi dövlət yardımlarının ayrılması, Gürcüstan, Moldova və Ukraynanın işğal olunmuş ərazilərindən fərqli olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin bütün beynəlxalq sənədlərdə “mübahisəli” kimi qeyd edilməsi, ABŞ və Fransanın Azərbaycandakı səfirliklərinin işğaldan azad edilmiş Qarabağa getməməklə faktiki olaraq ərazi bütövlüyü və suverenliyimizin tanınmaması, və s. bununla izah olunur.
Ukraynanın müstəqil politoloqları qeyd etdiyi kimi, necə qəribə olsa da, “birləşmiş Qərb” Ukraynaya çoxmilyardlı yardım etdiyi halda, eyni işi öz gücü ilə görən Azərbaycanı qınayır. ABŞ və Fransa Ukraynada Rusiya ilə proksi-müharibə aparır, amma Azərbaycana qarşı Rusiya ilə əməkdaşlığa hazırdırlar və 2023-cü ilin sentyabr ayının əvvəlində Azərbaycana aid gizli görüş keçirirlər. Bu, qəribə deyilmi? Hər bir qəribəlik kimi, bu da, cavabını gözləyən suallar doğurur.
Həqiqəti arayaq.
Bəs, niyə Azərbaycanın etdikləri ABŞ və “demokratik Qərbi” məyus etdi? Niyə ABŞ və “Birləşmiş Qərb” otuz il ərzində Ermənistanın Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsini hərbi yolla zəbt etməsinə və yüz minlərlə azərbaycanlının qovulmasına etiraz etmədi, amma Azərbaycanın öz ərazilərini azad etməsinə və yüz minə yaxın, yəni, bizim qaçqınlardan bir neçə dəfə az sayda erməninin köçməsinə dərhal reaksiya verdi? Bu suala cavab vermək üçün ABŞ və Qərbi Avropanın strateji hədəfinə diqqət yetirməliyik.
“Qərb”in Avrasiyadakı əsas qayğıları
ABŞ-ın 21-ci əsrdə əsas məqsədi 20-ci əsrdə nail olduğu qlobal hökmranlığı qorumaqdır. Xarici siyasəti də bu məqsədə xidmət edir. Əgər ABŞ qlobal miqyasda öz dominantlığına təhdid kimi Çini görürsə, bizim regionda Rusiyanın təsirinin zəifləməsi fonunda əsas potensial təhlükə kimi “inadkar” İranı görür. Lakin Türkiyənin sürətli yüksəlişi və Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində təkcə Yaxın Şərqdə deyil, bütün Avrasiya qitəsində “Qərbin hökmranlığı” üçün daha bir təhlükə yaranıb – Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən Türk Dövlətlərinin iqtisadi, siyasi və hərbi Birliyi.
Orta əsrlərdə dünya siyasətində hegemon olmuş, böyük təbii sərvətlərə, demoqrafik artıma və Türkiyənin heyrətamiz texnoloji sıçrayışına malik olan, Sakit okeandan “vahid Avropaya” qədər uzanan türk dünyası indi ”birləşmiş Qərb” tərəfindən onun dominantlığına əsas təhlükələrdən biri hesab edilir. Və ən önəmlisi, yerüstü kommunikasiyalara nəzarət baxımından. Əgər uzun müddət beynəlxalq ticarətdə əsas rolu dəniz yolları oynayırdısa, bir tərəfdən müasir piratçılıq və bütövlükdə avtoban sisteminin və avtonəqliyyatın inkişafı, habelə malların çatdırılma müddətinin azaldılmasının vacibliyi türk dövlətlərinin ərazilərinə xüsusi önəm vermişlər. 1,5 milyard əhalisi olan Çin və Hindistan və inkişaf etmiş Avropa arasında ticarət dövriyyəsi bir tərəfdən türk xalqları üçün “vasitəçilik” potensialı yaradırsa, digər tərəfdən onları “Qərb”in diqqət və “nəzarət” obyektinə çevirir.
Qərbin çətin dilemması
Türk Dövlətləri Birliyinin yaradılması və möhkəmlənməsi “birləşmiş Qərb”i çətin vəzifə qarşısında qoyub. Bunu izah etmək üçün 20 il geriyə qayıdaq. Səddam Hüseyni Yaxın Şərqdəki hökmranlığına təhlükə görən ABŞ, İraqı məğlub etdi və orada kukla hökumət qurdu. Ancaq nəticə həmişə gözlənildiyi kimi olmur. Bunun əks təsiri İranın dəfələrlə güclənməsi oldu.
İraqı sıxışdırmaqla, ABŞ istər-istəməz İranın mövqeyini və xüsusilə onun teokratik rəhbərliyini həm ölkə daxilində, həm də xaricdə gücləndirdi. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində İranın teokratik rəhbərliyi böhran içində idi, narazılıq artır, etiraz hərəkatı güclənir, ziyalılar arasında təlatüm və gənclərin Qərb həyat tərzinə meylliliyi ən yüksək həddə çatırdı. Belə təəssürat yaranırdı ki, İranda daha bir inqilab yetişmək üzrədir. Lakin ABŞ-ın İraq və Əfqanıstana təcavüzü bu prosesi dayandırdı. İran daxilində vətənpərvərlik və anti-müstəmləkəçilik artdı, öz növbəsində İran ölkədən kənarda şiə həmrəyliyi və anti-sionizm ideyalarını uğurla təbliğ etməyə başladı. İraq problemini həll edən ABŞ istər-istəməz İranla bağlı daha çətin problem yaratdı.
ABŞ “qərarsızdır”?
ABŞ və “birləşmiş Qərb” indi İranı və onun nüvə proqramını əsas problemlərindən biri hesab edir. Amma bütün ritorikalara baxmayaraq, İrana qarşı təsirli tədbirlər görmür. Bəs, ABŞ-ın qərarsızlığının səbəbi nədir? Təbii ki, əsas səbəblərdən biri İranın “ölçüsü”dür. Böyük saylı, gənc və ideoloji motivasiyalı əhalinin olması ABŞ-a asan və tez qələbə vəd etmir.
İranın 1906-1911-ci illər inqilabı ilə başlayan, 1952-1953-cü illərdə Müsəddiq hərəkatı ilə davam edən və 1979-cu il İslam İnqilabı ilə bitən Qərb imperializminə qarşı bir əsrdən çox davam edən mübarizəsini unutmaq olmaz. İran-İraq müharibəsində Qərbin Səddam Hüseynə dəstəyini də iranlılar unutmayıb. İraqdan fərqli olaraq, İran heç vaxt müstəmləkə olmayıb və burada əhalinin vətənpərvərlik hissi və dövlət aparatı güclüdür.
Amma bu, Qərbi manevr imkanlarından məhrum edən yeganə amil deyil. Qərb, ABŞ, hətta İranı təslim olmağa məcbur edə bilsə belə, regionda “müharibədən sonrakı” qüvvələr balansından narahatdır.
Adətən İrandan danışarkən, mütləq ümumi rəqəmlər, onun ərazisi, əhalisi və rəsmi şəkildə təbliğ olunan tarixi nəzərə alınır. Diqqətlə nəzər saldıqda isə məlum olur ki, 1925-ci ildə Qacarların devrilməsindən və Rza şahın taxta otuzdurulmasından sonra aparılmış bir əsrlik assimilyasiya siyasətinə baxmayaraq, əhalini “fars-şiə dini-ideoloji” qazanında qarışdırıb əritmək mümkün olmamışdır, daha doğrusu, yalnız qismən, əsasən paytaxt Tehranda mümkün olmuşdur. Sovet kommunistləri kimi İran teokratiyası da əhalinin homogenləşməsinə nail ola bilmədi. Azərbaycan türkləri, kürdlər, bəluclar, ərəblər, türkmənlər öz milli mədəniyyətlərini, dillərini, kimliklərini, mənlik şüurunu və ən əsası – kompakt məskunlaşdıqları əraziləri qoruyub saxlamışlar.
ABŞ-ın qərarsızlığının səbəbləri
İndi təsəvvür edək – bu, əlbəttə ki, nəzəri modelləşdirmədir və mən heç də onun tərəfdarı deyiləm – ABŞ və “birləşmiş Qərb” İrana hücum edib öz məqsədlərinə nail oldular – İranın teokratik rəhbərliyi devrildi, İranda indiki İraq rejimi kimi “demokratik” rejim quruldu və milli ərazilərə Səddam Hüseynin devrilməsindən sonra İraq kürdlərinə verildiyi kimi müəyyən muxtariyyət verildi. Nəticədə nə alınır? İraq kürdləri ilə İran kürdləri bir dövlətdə birləşmək üçün yaxşı fürsət əldə edirlər. Müstəqillik əldə etdikdən sonra kürdlər təkcə Türkiyəyə, ərəblərə və İrana deyil, həm də “birləşmiş Qərbə” qarşı “itaətsiz” olacaqlar; lazım olsa, hətta türklərlə, ərəblərlə, farslarla və s. birləşərək Qərbə qarşı çıxacaqlar. İndiki “müvəkkil” vəziyyətindən müstəqil qüvvəyə çevriləcəklər. Öz növbəsində Cənubi İranda ərəblərin təsiri artacaq. İranın şərqində isə “birləşmiş Qərb”i daha da narahat edəcək Pakistan və Əfqanıstanın təsiri artacaq, və s.
Amma ən əsası, 1920-ci illərdə İranda min il hökmranlıq etmiş türk sülalələrinin əvəzinə ingilislərin taxt-taca anti-türk siyasəti aparmış Rza şahı oturtması və Zəngəzurun Sovet Ermənistanına verilməsi ilə türk dünyasının pozulmuş çoğrafi davamlılığı bərpa olunur. Bu o deməkdir ki, bu məsələdə birgə hərəkət edən “birləşmiş Qərb” və Rusiyanın bir əsrlik “zəhməti” boşa çıxır. Güney Azərbaycan ərazisində türk-azərbaycan hakimiyyətinin hətta muxtariyyət şəklində bərpasından və Tehranda teokratik rejimin süqutundan sonra Zəngəzur dəhlizinə ehtiyac qalmır, türk dünyası Güney Azərbaycan ərazisi vasitəsilə davamlılığını bərpa edir. Çin və Hindistandan Avropaya gedən bütün kommunikasiyalar türklərin məskunlaşdığı və nəzarət etdiyi ərazilərdən keçə bilər. Həm Rusiya, həm də Qərb bütün türk dünyası üzərində indiki təsir rıçaqlarını itirir.
Gənc, zəif və təcrübəsiz demək deyil
Qərbin İranla münasibətdə qətiyyətsizliyi bu dilemma ilə izah edilir. “Birləşmiş Qərb” bu dilemmanı həll edə biləcəkmi? Çox güman ki, yox. Qərb çox çalışdı müstəqil siyasət aparan Ərdoğanın yerinə hansısa marionet bir rəhbər gətirsin. Türkiyə xalqı Ərdoğana daima səs verməklə bunu rədd etdi. Ona görə də nə İranı məhv edə bilməyən, nə də Türkiyənin texnoloji və siyasi yüksəlişinə qarşı çıxa bilməyən “Qərb” hücumlarını onların fikrincə daha “zəif”, tarixi baxımdan gənc olan Azərbaycan Respublikasına yönəltmək qərarına gəlib. Məqsəd Azərbaycanı zəiflədərək, daima problemlərlə üz-üzə qoyaraq, öz nəzarətində saxlamaqdır. Bütün vasitələrdən istifadə olunur – antidemokratiya, avtoritarizm, totalitarizm ittihamları, ərazi bütövlüyünü bərpa etmək üçün güc tətbiq etməsi, və s. Ermənilərin Qarabağdan köçünün nə üçün təşkil edildiyi də aydın olur. 10 milyonluq Azərbaycanda separatçı liderləri olmadan Azərbaycanın ərazi bütövlüyünə heç bir təhdid törətməyən az sayda dinc Qarabağ ermənisi, indi köçdükdən sonra Azərbaycanı ittiham etmək üçün əsas bəhanə kimi istifadə olunur.
SSRİ-nin dağılmasından bəri, 30 ildən artıqdır ki, Rusiya və Qərb türk dünyasının dirçəlişinə qarşı uzun müddət bir-biri ilə həmrəy olmuş, Ermənistandan, Azərbaycanın irəliyə doğru hərəkətini çətinləşdirən, ayağına bağlanmış ağır bir yük, alət kimi istifadə etmişlər.
Azərbaycanın yaratdığı yeni reallıqlar
Azərbaycan öz rəhbərliyinin bacarıq və müstəqil siyasəti və şəhidlərin canı-qanı hesabına işğal olunmuş torpaqlarını azad edərək, bütün ərazisi üzərində suverenliyini bərpa edərək ABŞ və “birləşmiş Qərb”i yeni və gözlənilməz vəziyyət qarşısında qoydu. Əgər əvvəllər ərazisi “böyüdülmüş”, həm Rusiya, həm də Qərb tərəfindən dəstəklənən Ermənistan türk dünyası üçün maneə rolunu oynaya bilirdisə, indi məğlub, alçaldılmış, zəif ordulu, əhalisi sürətlə azalan Ermənistan heç bir şəkildə türk dünyasını ayırmağa, onun birləşməsinə və intensiv inkişafına mane ola bilməz. “Öz qınına” çəkilən Rusiyaya indi, genişləndiyi dövrlərdə olduğu kimi forpostlar yox, onun təhlükəsizliyinin təminatçıları lazımdır ki, bunu da zəif və “sürüşkən” Ermənistan yox, güclü və sözü üstə duran Azərbaycan edə bilər. Ona görə də Qərb bütün ədəb-ərkanı, şirin sözləri bir kənara qoyub Azərbaycana qarşı elan olunmamış soyuq olmasa da, “ilıq” müharibəyə başlamalı oldu. Maskalar həqiqətən yırtıldı.
Qərb hadisələrin inkişafını cilovlaya, ilk növbədə, Zəngəzur dəhlizinin açılmasının qarşısını ala biləcəkmi?
Əgər Zəngəzur dəhlizi açılmazsa, bu, Azərbaycan Prezidenti demişkən, bütün Cənubi Qafqazda kommunikasiyaların bağlı qalmasına, beləliklə, Ermənistanın deqradasiyasının sürətlənməsinə, müqavimət potensialının azalmasına, süqutunun yaxınlaşmasına gətirəcəkdir. Bu arada türk dünyasının kommunikasiyaları indi olduğu kimi Gürcüstandan, üstəlik, planlaşdırıldığı kimi İrandan keçəcək. Baxmayaraq ki, Ermənistandan keçən marşrut daha qısa və ucuzdur, köhnə məsəldə deyildiyi kimi, pulla həll oluna bilən müşkül dərd deyil, xərcdir. Elə bir xərc ki, türk dövlətlərinin uğurlu və sürətli inkişafını mühim dərəcədə əngəltməyəcək.
Dünya “beşdən çox” olacaqmı?
İran isə adi və nüvə silahlarının inkişafını gücləndirəcək və sürətləndirəcək. Bu prosesin qarşısını almağın yeganə yolu “birləşmiş Qərb”in İrana qarşı genişmiqyaslı müharibəsidir. Amma bu, yuxarıda göstərdiyimiz kimi, “Qərb” üçün yaxşı heç nə vəd etmir, ona görə də çətin ki, reallaşsın. Yox, əgər reallaşsa, bu, İranı zəiflətməklə Qərbin hegemonluğuna qarşı daha böyük potensiala malik türk dünyasını gücləndirəcək. Təbii ki, Qərb üçün ən ideal variant Türkiyə, İran və Rusiyanı bir-birilə “vuruşdurmaq” olardı, lakin son illərin hadisələri göstərdiyi kimi, hər üç ölkənin rəhbərliyi bu fitnələrdən xəbərdardır və qarşıdurmaya yol verməyəcəklər. Amma təbii ki, Türkiyə regional rəqibi İranın nüvə silahı yaratmasını sakitcə seyr etməyəcək, ona görə də Türkiyənin də nüvə silahı yaratması reallaşacaq. İran və Türkiyənin nüvə silahını yaratmaları ABŞ və “birləşmiş Qərbin” qlobal miqyasda nüvə üstünlüyünə son qoyacaq. Yalnız bundan sonra nüvə silahının tamamilə qadağan edilməsi ilə bağlı ciddi danışıqlar başlayacaq. “Qlobal Cənub” nəhayət ki, beynəlxalq arenada öz sözünü demək şansı qazanacaq. Dünya nəhayət “beşdən çox” olacaq.
Təbii ki, ABŞ və “birləşmiş Qərb”in öz dominant rolunu əbədi saxlamaq cəhdləri tarixi perspektivdə uğursuzluğa məhkumdur. Əks halda, dünya hələ də “Qədim Misir” və ya Babilistanın tapdağı altında yaşayardı. Roma, Osmanlı, Britaniya və s. kimi istənilən imperiya sonda süquta məhkumdur. Amma bir çox detallar liderlərin iradəsindən və siyasi gedişlərindən asılıdır. Məsələn, türk dünyasının “birləşmiş Qərb”, Rusiya, Hindistan, Çinlə rəqabətdə öz maraqlarını müdafiə etməkdə uğur qazanması türk dövlətləri rəhbərlərinin düzgün addımlarından asılı olacaq. Təhlükələrdən qaçmaq, maneələri aradan qaldırmaq, fürsətlər yaratmaq və onlardan istifadə etmək bacarığı vacibdir.
Keçək aparılmış təhlildən alınan nəticələrə
Birincisi, türk dünyasının mümkün birləşməsi, inkişafı və çiçəklənməsi üçün əsas “vasitə” ölkə kimi Azərbaycana qarşı təzyiqlər daha da artacaq. Bizi çətin və uzun mübarizə gözləyir. Azərbaycana qarşı bütün üsullardan və “qamçı və kökə” siyasətindən istifadə olunacaq. Biz qamçıya müqavimət göstərməli, pay verilən kökələrə uymadan öz sağlam yeməyimizi hazırlamalı, lazım gələrsə, başqaları üçün “kökə” hazırlamağı bacarmalıyıq. Qərbin Azərbaycana qarşı düşmən münasibəti keçici və qısamüddətli deyil, onilliklərlə davam edəcək reallıqdır, ona görə də Azərbaycan uzunmüddətli müqavimətə hazırlaşmalı, özünü təsdiq etmək şanslarını əldən verməməlidir.
İkincisi, Qərb Ukrayna, Gürcüstan və Moldovanı, bu ölkələrin maraqlarına zidd olaraq Azərbaycandan “ayırmağa” çalışacaq. “Orta Dəhliz”-in mühüm halqası kimi Gürcüstan xüsusilə hədəfə alınacaqdır. Ümid edək ki, Gürcüstan rəhbərliyi bütün müsbət və mənfi cəhətləri düzgün ölçüb-biçəcək və “Qərb”in təzyiqinə tab gətirə biləcək. Azərbaycan bunu nəzərə almalı və indiki uğurlu xarici siyasətini davam etdirməlidir.
Üçüncüsü, Rusiya və İranla münasibətləri lazımsız yerə korlamamaq şərtdir, çünki Qərb bundan da dərhal yararlanacaq. Rusiya və İranla münasibətlərdə həm düşmənçilik, həm də həddindən artıq yaxınlaşma təhlükəlidir.
Dördüncüsü, Qərb indi olduğu kimi, Azərbaycan cəmiyyətini parçalamaq üçün demokratiya şüarlarından istifadə etməyə davam edəcək, nəzarətində olan mediada marginallaşmış insanları “demokratiya qəhrəmanları” kimi təqdim edəcək, etnik və digər azlıqların hüquqları uğrunda “mübarizə aparacaqdır”, və s.
Beşincisi, ən əsası isə, yaxın gələcəkdə Azərbaycan avtokratik idarəçiliyə arxalanmağa məcbur olacaq, çünki indiki şəraitdə yalnız bu idarəetmə forması ölkəyə suverenliyi qorumağa, xarici təhdid və təzyiqlərə müqavimət göstərməyə imkan verir. Hələ də qüdrətli olan Qərbin bizə qərəzli münasibətini nəzərə alsaq, indiki reallıqlar şəraitində qərb tipli liberal demokratiya Azərbaycan üçün ölümcüldür. Dünyada, o cümlədən ABŞ-da demokratiya yalnız çox güclü xarici dəstək olduqda inkişaf edib, Azərbaycanda belə bir amil yoxdur. Ona görə hazırda avtokratiya qaçılmaz seçimdir. Amma o zaman sual yaranır ki, cəmiyyəti durğunluqdan necə qorumaq, onun dinamik və sürətli inkişafını necə təmin etmək olar? Bu isə artıq başqa bir məqalənin mövzusudur.
Buna görə də, davamını izləyin…
Çingiz Məmmədov